Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
Nəşrə görə, səkkiz ildir ki, Ermənistan rəhbərliyi bu istiqamətdə heç bir praktiki addım ata bilməyib. Yeni atom enerji bloku tikmək əvəzinə ümidlərini mövcud blokun istismar müddətini vaxtaşırı uzatmağa bağlayıblar və bununla bağlı yarana biləcək son dərəcə ciddi problemləri nəzərə almırlar.
“Hazırda biz “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyət müddətini 2036-cı ilə qədər uzatmaq mərhələsindəyik, bundan sonra isə ehtimal olunur ki, stansiyanın fəaliyyətini daha 10 il uzatmaq mümkün olacaq”, - deyə Nikol Paşinyan bildirib.
KİV vurğulayıb ki, son vaxtlara qədər mövcud blokun istismarının son tarixi 2036-cı il hesab olunurdu. İndi isə onun daha 10 il uzadılmasından danışılır.
“Bu il atom elektrik stansiyasının istismar lisenziyasının müddəti başa çatır. İstismarın davam etdirilməsi üçün stansiya yeni lisenziya almalıdır. Bəs kim zəmanət verə bilər ki, xüsusilə 2036-cı ildən sonra o bu lisenziyanı alacaq? Belə zəmanətlər yoxdur. İstismar müddətinin uzadılmaması risklərindən stansiya heç də sığortalanmayıb.
Təsəvvür edin ki, belə bir hal baş verərsə, nə olacaq? Atom elektrik stansiyası Ermənistan üçün təkcə mühüm təhlükəsizlik təminatı deyil, həm də enerji sisteminin sabitliyini və balansını təmin edir. Bu gün Ermənistanda atom stansiyasını əvəz edə biləcək başqa ekvivalent resurs yoxdur. Mövcud enerji blokuna yeganə uyğun alternativ yeni atom elektrik stansiyası ola bilər ki, o da mövcud deyil. Sabah mövcud blokun istismarını davam etdirmək mümkün olmasa, sırf ona görə fakt qarşısında qalacağıq ki, illər boyu hakimiyyət danışmaqdan başqa bu ən vacib məsələnin həlli istiqamətində heç nə etməyib”, - deyə məqalədə qeyd edilib.
Nəşr bildirib ki, Nikol Paşinyanın günəş elektrik stansiyaları vasitəsilə Ermənistanda iki atom stansiyası yaratdıqlarını deməsi isə sadəcə “köpükdür”. Günəş stansiyaları atom elektrik stansiyasını əvəz edə bilməz.
“Atom elektrik stansiyası Ermənistan üçün təhlükəsizlik “yastığı” olmaqla yanaşı, həm də ucuz enerji mənbəyidir. İstehlak olunan elektrik enerjisinin 35-40 faizi atom stansiyasında istehsal olunur. Məhz bunun sayəsində bu gün Ermənistanda elektrik enerjisinin tarifləri bu səviyyədədir. Onsuz da aşağı deyil, lakin mövcud enerji bloku olmasa, tariflər müqayisəolunmaz dərəcədə yüksək olardı.
Ancaq mövcud enerji blokunu sonsuzadək istismar etmək və ya müddətini davamlı şəkildə uzatmaq mümkün deyil. O, gec-tez bağlanacaq və istismardan çıxarılacaq. Bunun Nikol Paşinyanın təqdim etməyə çalışdığı kimi, Avropa İttifaqı ilə imzalanmış Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi çərçivəsində Ermənistanın üzərinə götürdüyü öhdəliklərlə heç bir əlaqəsi yoxdur.
“Metsamor” Atom Elektrik Stansiyası bağlanmalı olduğu məsələsini Avropa İttifaqı ilə imzalanmış Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi ilə Serj Sarkisyan öhdəsinə götürüb”, - deyə Nikol Paşinyan bir neçə gün əvvəl parlamentdə bəyan edib.
Bu, ictimaiyyəti və cəmiyyəti çaşdırmaq üçün reallığın növbəti dəfə təhrif olunmasıdır”, - deyə KİV vurğulayıb.
Nəşr qeyd edib ki, Avropa İttifaqı ilə imzalanmış həmin sazişə əsasən, Ermənistan doğrudan da mövcud enerji blokunu bağlamağa razılaşıb, lakin məsələ onun nə vaxt bağlanacağıdır.
“Atom elektrik stansiyasının bağlanma müddəti ilə bağlı Ermənistan konkret öhdəlik götürməyib. Bu isə o deməkdir ki, Ermənistan belə bir razılıq veribsə belə, onu yalnız belə zərurət yarandığı halda həyata keçirməyi nəzərdə tutub.
Təbii ki, enerji blokunun istismar resursu başa çatdıqdan sonra (o gün mütləq gələcək) o bağlanacaq. Lakin bağlanmazdan əvvəl Avropa İttifaqı ilə razılaşmanın şərti ekvivalent resursların yaradılması olub. Atom stansiyasını əvəz edə biləcək yeganə uyğun resurs yeni atom enerji blokunun mövcudluğudur. Son illərdə isə onun tikintisi istiqamətində faktiki olaraq demək olar ki, heç nə edilməyib. Bu gün də Ermənistan rəhbərliyinin nə istədiyi aydın deyil.
Bunda təəccüblü heç nə yoxdur. İnsanlar bir metro stansiyası tikə bilmirlərsə, atom elektrik stansiyasını necə tikə bilərlər? Səkkiz ildir metro stansiyasının tikintisindən danışırlar, amma hələ bir daş belə qoyulmayıb.
Son vaxtlara qədər heç olmasa asfaltla fəxr edirdilər, qar yağdı, onu da yuyub apardı”, - deyə müəllif yazıb.
Nəşr bildirib ki, bu insanların bir gün Ermənistanda yeni atom elektrik stansiyası tikəcəyini gözləmək sadəlövhlükdür.
“Onlar sadəcə vaxt uzadırlar. Mövcud enerji blokunun istismar müddətini uzatmaq üçün imkan və resurs olduğu müddətdə həmin yolu seçəcəklər. Sonrasını zaman göstərəcək.
Hələ 2021-ci ildə Nikol Paşinyan Ermənistanda lokal atom elektrik stansiyası tikməkdən danışırdı. O bildirirdi ki, Zəngəzur Mis və Molibden Kombinatı səhmlərinin hökumətə “ötürülməsi” proqramının tərkib hissəsi kimi misəritmə zavodunun və yeni atom stansiyasının tikintisi nəzərdə tutulur. Misəritmə zavodunun tikintisinə 2025-ci ilin iyununda başlamaq planlaşdırılırdı.
“Atom elektrik stansiyasının tikintisini də elə etməyə çalışmalıyıq ki, paralel həyata keçirilsin. Misəritmə zavodunun və atom stansiyasının istismara verilməsinin praktik baxımdan eyni vaxta düşməsi yaxşı olardı”, - deyə Nikol Paşinyan bildirirdi.
Bəs indi nə var? Heç nə.
Lokal atom elektrik stansiyasının və ya enerji blokunun tikilib-tikilməməsinin məqsədəuyğunluğu, təbii ki, özəl sektorun qərarına bağlıdır. Bundan dövlətə zərər yoxdur. Başqa məsələ isə odur ki, hakimiyyət yeni atom elektrik stansiyasının tikintisi prosesini davamlı şəkildə uzatmaq üçün bəhanələr axtarır.
Bəlkə məqsəd ümumiyyətlə atom energetikasından və atom stansiyasının tikintisindən imtina etməkdir?”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az